Abşeronda Regional Təhsil Konfransı keçiriləcək
Fevralın 28-də Abşeronda “Təhsildə yeni çağırışlar: keyfiyyətə baxış” regional konfransı keçiriləcək.
Əsas məqsəd qabaqcıl müəllimlərin və təhsil idarəedicilərinin təcrübəsini öyrənmək və təşviq etmək, səmərəli əməkdaşlığa təkan vermək və regional diskussiya platforması yaratmaqdır.
“Şəhərsalma və Memarlıq İli”nə həsr ediləcək konfrans “Təşkilati mədəniyyət” və “Məktəb mühitinin pedaqoji dizaynı” mövzularını əhatə edəcək..
Regional konfrans Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, “T–Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Abşeron – Xızı Regional Təhsil İdarəsinin tərəfdaşlığı ilə reallaşacaq.
Konfransa media dəstəyi isə Təhsil TV və “Azərbaycan müəllimi” qəzeti tərəfindən göstəriləcək.
Konfrans Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı üzrə strateji çərçivəsi”nə və “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasına əsaslanır.
Konfransda iştirak etmək istəyən Abşeron – Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər və ümumi təhsil müəssisələrinin rəhbər və pedaqoji heyəti müvafiq link vasitəsilə qeydiyyatdan keçməlidirlər: https://forms.gle/g1m63VVFbVPYKVnu7
Qeyd edək ki, konfransda iştirak üçün yalnız seçilmiş şəxslərlə əlaqə saxlanılacaq. Yekunda isə iştirakçılara sertifikat veriləcək.