“Yaşıl dünya – AI sərgisi” üçün qeydiyyat mərhələsinə start verilir!
“ASAN xidmət” və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə ətraf mühitin mühafizəsinə həsr olunan “Yaşıl dünya – AI sərgisi” həyata keçiriləcək.
Layihənin əsas məqsədi süni intellekt texnologiyalarının imkanlarından istifadə etməklə aktual ekoloji problemləri vizual formada təqdim etmək, ətraf mühitin mühafizəsinə ictimai diqqəti cəlb etmək və gənclərin ekoloji maarifləndirməsinə töhfə verməkdir.
Layihə çərçivəsində iştirakçılar süni intellekt alətlərindən istifadə etməklə aşağıdakı istiqamətlərdən birini əhatə edən vizual iş hazırlayacaqlar:
Xəzər dənizinin su səviyyəsinin azalması və ekosistemə təsirləri;
Su ehtiyatlarının azalması, su qıtlığı və israfı;
Nadir və nəsli kəsilmək təhlükəsi altında olan heyvan növlərinin qorunması;
Plastik və mikroplastik tullantılar, ətraf mühitin çirklənməsi və təkrar emal problemləri;
Qanunsuz meşə qırıntıları, meşələrin məhv edilməsi və meşə yanğınları;
Yaşıllıq sahələrinin azalması və şəhərlərdə istilik adası effekti;
Torpaqların deqradasiyası, şoranlaşma və səhralaşma;
Atmosfer havasının nəqliyyat və sənaye tullantıları ilə çirklənməsi.
Təqdim olunan işlər “ASAN xidmət” və IDEA İctimai Birliyinin nümayəndələrindən ibarət komissiya tərəfindən aşağıdakı meyarlar əsasında qiymətləndiriləcək:
Mövzuya uyğunluq;
Yaradıcılıq və orijinallıq;
Süni intellektdən istifadə;
Vizual keyfiyyət;
Təsir gücü və mesajın aydınlığı.
Ən yüksək nəticə göstərən 3 iştirakçı müxtəlif hədiyyələrlə mükafatlandırılacaq!
Süni intellektin yaradıcı imkanlarından istifadə et, ekoloji problemlərə öz baxışını nümayiş etdir və gələcəyin daha yaşıl olması üçün sən də öz töhfəni ver!
Qeydiyyat linki
Son qeydiyyat tarixi: 29 noyabr, 2026-cı il.