Aqrar Xidmətlər Agentliyi və FAO-nun birgə təşkilatçılığı ilə Aqronomların I Milli Forumu keçiriləcək
Kənd təsərrüfatının inkişafında mühüm rol oynayan aqronomların bilik və təcrübə mübadiləsinin təşviqi, aqrar sahədə müasir yanaşmaların müzakirəsi və peşəkar əməkdaşlığın gücləndirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə 20 noyabr tarixində Bakı şəhərində Aqronomların I Milli Forumu keçiriləcək.
Forumun əsas məqsədi aqronomlar arasında bilik və təcrübə mübadiləsini təşviq etmək, aqrar sahədə mövcud çağırışları müzakirə etmək, müasir aqrotexniki yanaşmaların və innovativ həllərin tətbiqi imkanlarını dəyərləndirmək, eləcə də elm, təhsil və tədqiqat müəssisələri arasında əlaqələrin və əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.
Tədbir çərçivəsində bitkiçilik sahəsində aktual məsələlərin, torpaq və bitki sağlamlığının qorunmasının, məhsuldarlığın artırılmasının, müasir texnologiyaların tətbiqinin və aqronomluq məsləhəti fəaliyyətinin təkmilləşdirilməsinin müzakirəsi nəzərdə tutulur. Eyni zamanda, aqronomların peşəkar əlaqələrinin genişləndirilməsi, təcrübəli mütəxəssislərlə gənc kadrlar arasında bilik və təcrübə mübadiləsinin gücləndirilməsi, eləcə də aqrar sahədə əməkdaşlıq imkanlarının artırılması üçün şərait yaradılacaq.
Qeyd edək ki, forumda yerlər məhduddur və iştirak ödənişsizdir. İştirak etmək istəyən şəxslər link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçən şəxslər arasından iştirakı təsdiqlənən namizədlərlə əlaqə saxlanılacaq.
Tarix: 20 noyabr
Saat: 09:00-14:00
Bakı şəhəri, Four Seasons Hotel